AQUAPRINT

 

Akvaprint (aquaprint), (immersion çap və ya akvadekor/akvabəzək) - mürəkkəb relyefli səthlər üzərinə çap olunmuş şəkilin (dekorun) transfer edilməsidir. Bu texnologiya ilə müxtəlif səthlərə - plastik, ağac, şüşə, metal, keramika və s. xüsusi suda həll olan filmlər (plyonka) vasitəsi ilə dekor vurulur.

Akvaprint (Hydrographics/Water Transfer Printing Hydrographics) ilk dəfə Özbəkistanın Buxara şəhərində yaranmış və İran yoluyla Osmanlıya keçmiş Ebru sənətinin bir növüdür. Ebru sənətindəki boya və mayenin yerini akvafilm (plyonka) tutub. Akvafilm suda həll olan çap olunmuş nazik plyonkaya bənzər məhsuldur. 25-30 selsi dərəcə suda həll olan filmin üzərinə xüsusi aktivator vurulduqdan sonra film təbəqəsi tamamilə yox olur və suyun üzərində ancaq boya qalır.
Həmin suya salınan əşyanın üzərində boya olaraq yapışır və üzərindən son qat olaraq da lak vurulduqdan sonra uzunömürlü bir təbəqəyə çevrilir.

Akvaprint avtomobillərin interyer və ekteryer detallarında, elektrik əşyalarında (DVD pleyer, mobil telefonlar, notebook, planşet və s), mətbəx əşyalarında (mətbəx robotları, sobalar, mikrodalğalı sobalar, paltar və qabyuyanlar, su isidici (kombi) və s), musiqi alətlərində, silahlarda və bu kimi başqa sahələrdə istifadə edilir.

80-ci illərdən Yaponiyada avtomobil sektorunda istifadə edilməyə başlanılan texnologiya, daha sonra ABŞ-da müdafiə sənayesində silahların maskirovkasında istifadə edilib.
Avtomobil sektorunda isə bu texnologiyaya ilk dəfə Toyota Kompaniyası müraciət edib.
Aquaprint üsulu daha çox 90-cı illərdən inkişafa başlayıb və bu texnologiya nəyinki avtomobil sektorunda, mebel, mobil telefon, planşet, idman və ov aksessuarları, yaxta və təyyarələrin interyerində də istifadə edilir.
Günümüzdə demək olar ki, bütün avto kompaniyalar avtomobilin salonunda agac, metal, karbon kimi vizual effektlər almaq üçün aquaprintdən istifadə edirlər.

Akvaprint etmək üçün nə lazımdır?
- Akvaprint vannası (evdə edənlər adi dərin qabdan istifadə edə bilərlər);
- Akvafilm (plyonka);
- Aktivator – filmi elastik edən xüsusi maddədir;
- Qoruyucu – avtomobil lakı.